Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondu haqqında Nizamnamə
“Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında”
Naxçıvan MuxtarRespublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli
197-V FR nömrəli Fərmanı ilə yaradılmış Naxçıvan Muxtar
Respublikası Dövlət Sosial Müdafiə Fondunun
fəaliyyətinin təmin edilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
F Ə R M A N I
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin
(əlavə olunur).
2. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturu” təsdiq edilsin
(əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri VASİFTALIBOV
Naxçıvan şəhəri, 09 oktyabr 2020-ci il № 42-VI FR
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 09 oktyabr tarixli 42-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun Nizamnaməsi
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının
konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları rəhbər tutur.
1.3. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş
möhürü, müvafiq ştampı və blankı vardır.
1.6. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Fond Naxçıvan şəhərində yerləşir.
2. Fondun fəaliyyət istiqamətləri
2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı təkliflər vermək, həmin
siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin
işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.4. əhalinin əmək pensiyaları, sosial müavinətlər, habelə qanunvericiliklə nəzərdə tutulmuş
digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək;
2.1.5. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək;
2.1.6. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;
2.1.7. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Fondun vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ-hüquqi aktların və məqsədli proqramların hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
3.1.2. Fondun büdcə layihəsini hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
3.1.3. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin məlumatları əsasında məcburi dövlət sosial sığortası sahəsində sığortaedənlərin və sığortaedənlərin məlumatları əsasında sığortaolunanların uçotunu aparmaq, habelə sığortaolunana dövlət sosial sığorta nömrəsi əsasında fərdi şəxsi hesab açmaq;
3.1.4. sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək;
3.1.5. sığortaolunanın rəsmi müraciətinə əsasən, ona fərdi şəxsi hesabındakı məlumatları əldəetmə
qaydasını izah etmək;
3.1.6. məcburi dövlət sosial sığortası üzrə daxilolmaların Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidməti ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;
3.1.7. sığortaedənlərdən və sığortaolunanlardan qanunvericiliklə müəyyən edilmiş məlumatların
vaxtında və dürüst təqdim edilməsini tələb etmək;
3.1.8. məcburi dövlət sosial sığorta vəsaitlərini idarə etmək;
3.1.9. sığortaedənlərin məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə məlumatlarını Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən əldə etmək, sosial sığorta sahəsində xidmətləri (məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) elektron formada həyata keçirmək;
3.1.10. işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti qanunvericiliklə müəyyən
edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək;
3.1.11. məcburi dövlət sosial sığortası vəsaiti hesabına əmək pensiyalarının və digər sosial sığorta
ödəmələrinin maliyyələşdirilməsini və ödənilməsini təmin etmək;
3.1.12. qanunvericiliyə uyğun olaraq əmək pensiyalarının maliyyələşdirilməsi ilə bağlı dövlət
büdcəsi öhdəliklərinin və məcburi dövlət sosial sığorta vəsaiti öhdəliklərinin uçotunu aparmaq;
3.1.13. əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini
və ödənilməsini, sosial müavinətlərin, qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərin təyin
edilməsi və ödənilməsini təmin etmək;
3.1.14. əmək pensiyalarının, sosial müavinətlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək;
3.1.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;
3.1.16. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi
şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;
3.1.17. müvafiq sahədə elektron xidmətləri qanunvericiliyə uyğun olaraq təşkil etmək;
3.1.18. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər
görmək;
3.1.19. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq
və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək;
3.1.20. Fondun strukturuna daxil olan qurumlarda işin təşkilinə metodiki və əməli kömək
göstərmək, qabaqcıl təcrübəni öyrənmək və yaymaq;
3.1.21. Fondun fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.22. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin
tətbiqini təmin etmək;
3.1.23. müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını
araşdırmaq və aidiyyəti üzrə təkliflər vermək;
3.1.24. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.25. Fonda ayrılan dövlət büdcəsi vəsaitindən, məcburi dövlət sosial sığorta vəsaitindən, kredit,
qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.26. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Fondun aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ-hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə təkliflər vermək;
3.2.2. Fondun büdcəsinin xərcləri hesabına maliyyələşdirilən tədbirlər, habelə sosial sığorta
ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq;
3.2.3. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən məcburi dövlət sosial sığorta
haqları üzrə məlumat almaq;
3.2.4. məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlarla bağlı sığortaedənlərdən və
sığortaolunanlardan arayış tələb etmək;
3.2.5. sığortaedənlər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə məlumat vermək;
3.2.6. könüllü (əlavə) sosial sığorta fəaliyyətini həyata keçirmək, könüllü (əlavə) sosial sığorta
müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;
3.2.7. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.8. Fondun strukturuna daxil olan qurumlardan hesabatlar almaq, onların fəaliyyətini təhlil və
müzakirə etmək, təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.2.9. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi ilə əlaqədar izahatlar
vermək;
3.2.10. sığortaedənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;
3.2.11. məcburi dövlət sosial sığorta vəsaitinin idarə edilməsi zamanı risklərin azaldılması
məqsədilə tədbirlər görmək;
3.2.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.15. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq,
analitik materiallar hazırlamaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.16. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Fondun idarə olunması
4.1. Fondun fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri rəhbərlik edir. Fondun sədri Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.2. Sədrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Sədrin müavini ona həvalə edilən vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
4.3. Fondun sədri:
4.3.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.3.2. müavini və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;
4.3.3. Fondun ştat cədvəlinin və işçilərin əməkhaqlarının təsdiq edilməsi üçün Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
4.3.4. Fondun maliyyə planlaşdırmasını aidiyyəti üzrə razılaşdırmaqla təsdiq edir;
4.3.5. bu Nizamnamənin 3.1.25-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli
istifadə olunmasını təmin edir;
4.3.6. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görür;
4.3.7. Fondda daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır;
4.3.8. Fondun strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;
4.3.9. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və
buna nəzarəti həyata keçirir;
4.3.10. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.3.11. Fondun işçilərinin əməkhaqlarının, əməkhaqlarına əlavələrin, mükafatların və digər
ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.3.12. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, tabeliyindəki qurumların işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
4.3.13. Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
4.3.14. bu Nizamnamə ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində Fondun adından
əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.3.15. Fondun fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar və komissiyalar yaradır;
4.3.16. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla
qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.3.17. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.3.18. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
5. Fondun əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Fond və onun əmlakı dövlətin mülkiyyətidir.
5.2. Fondun əmlakı təsisçinin verdiyi əmlakdan, həmçinin əmək pensiyalarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün ayrılan büdcə vəsaitindən, qanunvericiliyə əsasən daxil olan məcburi dövlət sosial sığorta vəsaitindən, maliyyə sanksiyalarından və faiz məbləğlərindən, fəaliyyətindən əldə olunmuş digər gəlirdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Fond öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri istisna olmaqla) xəzinə hesabı
vasitəsilə həyata keçirilir.
6. Fondda uçot və hesabat
6.1. Fond qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu
aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir.
6.2. Fond qanunvericiliyə uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
6.3. Fond tabeliyindəki qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7. Fondun ləğvi və yenidən təşkili
Fondun ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata
keçirir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 09 oktyabr tarixli 42-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
S T R U K T U R U
1. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatı (şöbələr və sektorlar)