Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondu haqqında Nizamnamə

“Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında”

Naxçıvan MuxtarRespublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli

197-V FR nömrəli Fərmanı ilə yaradılmış Naxçıvan Muxtar

Respublikası Dövlət Sosial Müdafiə Fondunun

fəaliyyətinin təmin edilməsi haqqında

 NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

 

Naxçıvan  Muxtar  Respublikası  Konstitusiyasının 5-ci  maddəsinin  II  hissəsinin  22-ci  bəndini
rəhbər tutaraq qərara alıram:
 1. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin
(əlavə olunur).
 2. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturu” təsdiq edilsin
(əlavə olunur).
 3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.

 

  Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri                                       VASİFTALIBOV

 

Naxçıvan şəhəri, 09 oktyabr 2020-ci il № 42-VI FR

 

 

   

Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 09 oktyabr tarixli 42-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir

  Naxçıvan Muxtar Respublikası Dövlət Sosial

Müdafiə Fondunun Nizamnaməsi

 

 1. Ümumi müddəalar

 1.1. Naxçıvan Muxtar Respublikasının Dövlət  Sosial Müdafiə Fondu (bundan sonra –  Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər,  habelə  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  ödənişlərlə  təmin  edilməsi  sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

 1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının  və Naxçıvan Muxtar Respublikasının

konstitusiyalarını     və    qanunlarını,     Azərbaycan    Respublikasının     tərəfdar    çıxdığı     beynəlxalq

müqavilələri,   bu   Nizamnaməni,   Azərbaycan   Respublikası   Prezidentinin   və   Naxçıvan   Muxtar Respublikası  Ali  Məclisi  Sədrinin  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları rəhbər tutur.

 1.3. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən  dövlət  və  yerli  özünüidarəetmə  orqanları,  həmkarlar  ittifaqları,  muxtar  respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

 1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş

möhürü, müvafiq ştampı və blankı vardır.

 1.6. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

 1.7. Fond Naxçıvan şəhərində yerləşir.

 

2. Fondun fəaliyyət istiqamətləri

 2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;

 2.1.2.  müvafiq  sahədə  dövlət  siyasətinin  formalaşdırılması  ilə  bağlı  təkliflər  vermək,  həmin

siyasətin həyata keçirilməsini təmin etmək;

 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları)  ilə əməkdaşlıq etmək, təkliflərin

işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 2.1.4. əhalinin əmək pensiyaları, sosial müavinətlər, habelə qanunvericiliklə nəzərdə tutulmuş

digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək;

 2.1.5. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək;

 2.1.6. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin  keyfiyyətinin  yüksəldilməsi,  onların  elektron  qaydada  həyata  keçirilməsi  məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;

 2.1.7. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

  

3. Fondun vəzifələri və hüquqları

 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri

aşağıdakılardır:

 3.1.1. müvafiq sahədə normativ-hüquqi aktların və məqsədli proqramların hazırlanmasında və

həyata keçirilməsində iştirak etmək;

 3.1.2. Fondun büdcə layihəsini hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

 3.1.3. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək, Naxçıvan Muxtar Respublikası Dövlət   Vergi   Xidmətinin   məlumatları   əsasında   məcburi   dövlət   sosial   sığortası   sahəsində sığortaedənlərin və sığortaedənlərin məlumatları əsasında sığortaolunanların uçotunu aparmaq, habelə sığortaolunana dövlət sosial sığorta nömrəsi əsasında fərdi şəxsi hesab açmaq;

 3.1.4.  sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların  fərdi şəxsi  hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək;

 3.1.5. sığortaolunanın rəsmi müraciətinə əsasən, ona fərdi şəxsi hesabındakı məlumatları əldəetmə

qaydasını izah etmək;

 3.1.6. məcburi dövlət sosial sığortası üzrə daxilolmaların Naxçıvan Muxtar Respublikası Dövlət

Vergi Xidməti ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;

 3.1.7. sığortaedənlərdən və sığortaolunanlardan qanunvericiliklə müəyyən edilmiş məlumatların

vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

 3.1.8. məcburi dövlət sosial sığorta vəsaitlərini idarə etmək;

 3.1.9. sığortaedənlərin məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə məlumatlarını Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Vergi  Xidmətindən  əldə  etmək,  sosial  sığorta  sahəsində xidmətləri  (məcburi dövlət  sosial  sığorta  haqlarının  hesablanması  və  ödənilməsi  istisna  olmaqla) elektron formada həyata keçirmək;

 3.1.10. işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti qanunvericiliklə müəyyən

edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək;

 3.1.11. məcburi dövlət sosial sığortası vəsaiti hesabına əmək pensiyalarının və digər sosial sığorta

ödəmələrinin maliyyələşdirilməsini və ödənilməsini təmin etmək;

 3.1.12. qanunvericiliyə uyğun olaraq əmək pensiyalarının maliyyələşdirilməsi ilə bağlı dövlət

büdcəsi öhdəliklərinin və məcburi dövlət sosial sığorta vəsaiti öhdəliklərinin uçotunu aparmaq;

 3.1.13. əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini

və  ödənilməsini,     sosial  müavinətlərin,  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  ödənişlərin  təyin

edilməsi və ödənilməsini təmin etmək;

 3.1.14. əmək pensiyalarının, sosial müavinətlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi  və ödənilməsi üçün əsas götürülmüş  sənədlərin (məlumatların)  qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə,  habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək;

 3.1.15. öz fəaliyyəti haqqında əhalinin  məlumatlandırılmasını,  internet  saytının  yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

 3.1.16. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi

şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;

 3.1.17. müvafiq sahədə elektron xidmətləri qanunvericiliyə uyğun olaraq təşkil etmək;

  3.1.18.  dövlət  və  kommersiya  sirrinin,  habelə  məxfilik  rejiminin  qorunması  üçün  tədbirlər

görmək;

 3.1.19. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq

və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək;

 3.1.20.  Fondun  strukturuna  daxil  olan  qurumlarda  işin  təşkilinə  metodiki  və  əməli  kömək

göstərmək, qabaqcıl təcrübəni öyrənmək və yaymaq;

 3.1.21. Fondun fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

 3.1.22. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin

tətbiqini təmin etmək;

 3.1.23. müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını

araşdırmaq və  aidiyyəti üzrə təkliflər vermək;

 3.1.24.  kargüzarlığı  və  vətəndaşların  qəbulunu  müvafiq  normativ-hüquqi  aktların  tələblərinə uyğun təşkil etmək, Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

 3.1.25. Fonda ayrılan dövlət büdcəsi vəsaitindən, məcburi dövlət sosial sığorta vəsaitindən, kredit,

qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

 3.1.26. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 3.2.  Bu Nizamnamə  ilə  müəyyən edilmiş  vəzifələri  həyata keçirmək  üçün Fondun aşağıdakı

hüquqları vardır:

 3.2.1.  müvafiq  sahədə  normativ-hüquqi  aktın  layihəsinin  qəbul  olunması,  aktda  dəyişiklik

edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə təkliflər vermək;

 3.2.2.  Fondun  büdcəsinin  xərcləri  hesabına  maliyyələşdirilən  tədbirlər,  habelə  sosial  sığorta

ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq;

 3.2.3. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən məcburi dövlət sosial sığorta

haqları üzrə məlumat almaq;

 3.2.4.  məcburi  dövlət  sosial  sığorta  haqları  üzrə  məlumatlarla  bağlı  sığortaedənlərdən  və

sığortaolunanlardan arayış tələb etmək;

 3.2.5. sığortaedənlər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə məlumat vermək;

 3.2.6. könüllü (əlavə) sosial sığorta fəaliyyətini həyata keçirmək, könüllü (əlavə) sosial sığorta

müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;

 3.2.7.  dövlət  orqanlarına  (qurumlarına),  yerli  özünüidarəetmə  orqanlarına,  hüquqi  və  fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

 3.2.8. Fondun strukturuna daxil olan qurumlardan hesabatlar almaq, onların fəaliyyətini təhlil və

müzakirə etmək, təkmilləşdirilməsi üçün tədbirlər görmək;

 3.2.9.  dövlət  sosial  sığorta  sistemində  fərdi  uçotun  həyata  keçirilməsi  ilə  əlaqədar  izahatlar

vermək;

 3.2.10. sığortaedənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;

 3.2.11.  məcburi  dövlət  sosial  sığorta  vəsaitinin  idarə  edilməsi  zamanı  risklərin  azaldılması

məqsədilə tədbirlər görmək;

 3.2.12.  fəaliyyət  istiqamətlərinə  aid  məsələlərlə  bağlı  konfranslar,  müşavirələr,  seminarlar

keçirmək və digər tədbirlər təşkil etmək;

 3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

 3.2.14.  fəaliyyət  istiqamətlərinə  aid  məsələlərlə  bağlı  araşdırmalar  aparmaq,  işçi  qruplar  və

komissiyalar yaratmaq;

 3.2.15. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq,

analitik materiallar hazırlamaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

 3.2.16. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Fondun idarə olunması

 4.1. Fondun fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri rəhbərlik edir. Fondun sədri Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 4.2. Sədrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən   müavini vardır. Sədrin müavini ona həvalə edilən vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

 4.3. Fondun sədri:

 4.3.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

 4.3.2. müavini və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;

 4.3.3. Fondun ştat cədvəlinin və işçilərin əməkhaqlarının təsdiq edilməsi üçün Naxçıvan Muxtar

Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

 4.3.4. Fondun maliyyə planlaşdırmasını aidiyyəti üzrə razılaşdırmaqla təsdiq edir;

 4.3.5. bu Nizamnamənin 3.1.25-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli

istifadə olunmasını təmin edir;

 4.3.6. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli

üçün tədbirlər görür;

 4.3.7. Fondda daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır;

 4.3.8. Fondun strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

 4.3.9. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və

buna nəzarəti həyata keçirir;

 4.3.10. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

 4.3.11.  Fondun  işçilərinin  əməkhaqlarının,  əməkhaqlarına  əlavələrin,  mükafatların  və  digər

ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

 4.3.12.  bu  Nizamnamə  ilə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  Fondun,  tabeliyindəki qurumların işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

 4.3.13.  Fondun  əmlakından  bu  Nizamnamədə  nəzərdə  tutulmuş  məqsədlərə  uyğun  istifadə

olunmasına nəzarət edir;

 4.3.14.  bu  Nizamnamə  ilə  müəyyənləşdirilmiş  səlahiyyətlər  çərçivəsində  Fondun  adından

əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

 4.3.15. Fondun fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar və komissiyalar yaradır;

 4.3.16. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla

qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

 4.3.17. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

 4.3.18. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

  

5. Fondun əmlakı və maliyyə fəaliyyətinin əsasları

 5.1. Fond və onun əmlakı dövlətin mülkiyyətidir.

 5.2. Fondun əmlakı təsisçinin verdiyi əmlakdan, həmçinin əmək pensiyalarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün ayrılan büdcə vəsaitindən, qanunvericiliyə əsasən daxil olan məcburi  dövlət   sosial   sığorta   vəsaitindən,   maliyyə   sanksiyalarından   və   faiz   məbləğlərindən, fəaliyyətindən  əldə  olunmuş  digər  gəlirdən,  qrantlardan,  cəlb  edilən  investisiyalardan  və  qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

 5.3. Fond öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

 5.4. Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri istisna olmaqla) xəzinə hesabı

vasitəsilə həyata keçirilir.

 

 6. Fondda uçot və hesabat

 6.1. Fond qanunvericiliklə  publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu

aparır, maliyyə hesabatlarını tərtib və  təqdim edir.

 6.2. Fond qanunvericiliyə uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 6.3. Fond tabeliyindəki qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

 

7. Fondun ləğvi və yenidən təşkili

 Fondun ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata

keçirir.

 

Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 09 oktyabr tarixli 42-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 
 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun

 S T R U K T U R U

 

 1. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatı (şöbələr və sektorlar)

 2. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri