Hər bir ölkədə əhalinin həyat səviyyəsini təyin edən başlıca meyarlardan biri onun sosial müdafiə sisteminin vəziyyətidir. Sosial müdafiə sistemi insanların sosial problemlərinin həllinə yönəldilən sosial və iqtisadi tədbirlər toplusu kimi, ilk növbədə, əmək qabiliyyəti olmayan və ya məhdud əmək qabiliyyətli şəxslərə dövlət tərəfindən müxtəlif formalı yardımların göstərilməsini özündə əks etdirir. Bu baxımdan inkişaf səviyyəsindən asılı olmayaraq istənilən ölkədə sosial müdafiə tədbirləri dövlət siyasətində çox böyük əhəmiyyət kəsb edir.

         1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın bütün dövlət təsisatlarının yenidən təşkili zamanı SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi də Azərbaycan Respublikasının Pensiya Fonduna çevrildi. Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yaradıldı.

         Müstəqil Azərbaycanda sosial müdafiə sisteminin bilavasitə inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra sığorta-pensiya sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi. 1997-ci ildə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqan kimi daha da təkmilləşdi. 2001-ci ilin noyabrın 27-də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra isə Fond dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməyə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 4 avqust 2003-cü il tarixli Fərmanı ilə pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyalar, məcburi dövlət sosial sığortası və fərdi uçot sahəsində idarəetmə Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Bununla da nəzərdə tutulan keyfiyyətcə yeni sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunmuşdur.

Ölkədə vahid sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar ulu öndərin əsasını qoyduğu islahatlar bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 22 dekabr 2006-cı il tarixli 498 və 499 nömrəli fərmanlara əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin Dövlət Sosial Müdafiə Fondu vasitəsilə məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına və əmək pensiyaları ilə təminatına keçilmişdir.

2006-cı il yanvarın 1-dən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu keçmiş sovet prinsiplərinə əsaslanan pensiya sisteminin inkişaf etmiş Avropa ölkələrində geniş tətbiq olunan – vətəndaşların fərdi hesablarında yığılan pensiya kapitalına əsaslanan pensiya sistemi ilə əvəz olunmasına səbəb oldu. Bütün bunların nəticəsi olaraq ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olan, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sistemi yaranmışdır.

         Sosial müdafiə sistemində həyata keçirilən islahatlar muxtar respublikamızda da uğurla tətbiq edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 dekabr 2003-cü il tarixli Fərmanı ilə muxtar respublikada sığorta-pensiya sisteminin qurulmasını təmin etmək, pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu yaradıldı. 2 yanvar  2004-cü il tarixində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edildi və  Fond  muxtar respublikada əmək pensiyalarının və müvinətlərin ödənişini, məcburi dövlət sosial sığorta haqlarının yığılmasını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməyə başladı.

         Yarandığı ilk gündən muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə əhatə olunub. Bu diqqət və qayğının nəticəsidir ki, qısa müddət ərzində Fondun Aparatı və onun yerli orqanları üçün müasir standartlara cavab verən, yüksək maddi-texniki baza ilə təchiz olunmuş inzibatı binalar tikilib istifadyə verilmişdir. İdarəetmədə operativliyi təmin etmək məqsədilə lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılmışdır. Fondun Aparatının inzibatı binasında lazımi avadanlıqlarla təchiz olunmuş arxivdə əvvəlki pensiya işləri mərkəzləşdirilmiş qaydada arxivləşdirilmişdir. Nəticədə əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaranmış və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, Fondun bütün sahələri avtomatlaşdırılmışdır.

Naxçıvan  Muxtar  Respublikası  Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsinin təşkili haqqında” Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar  Respublikası  Dövlət Sosial  Müdafiə Fondunun internet səhifəsi yaradılmış, Elektron Hökümət Portalına və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə inteqrə edilmiş 16 elektron xidmət  hüquqi və fiziki şəxslərin istifadəsinə təqdim olunmuşdur.

Haliyədə sığorta-pensiya sistemi sahəsində mövcud qanunvericiliyə edilmiş dəyişiklərdən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublika ərazisində müvafiq icra hakimiyyəti orqanı tərəfindən yığılmış məcburi dövlət sosial sığorta haqları barədə məlumatları qəbul edir, sığortaedənlərin və sığortaolunanların uçotunu aparır, məcburi dövlət sosial sığortası hesabına ödəmələrin, əmək pensiyalarının təyinatı və ödənişlərinin həyata keçirilməsini yerinə yetirir. Fondun inzibati binası Naxçıvan şəhəri, Azər Tarverdiyev küçəsi 8 ünvanında yerləşir.

“Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 yanvar 2020-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilmişdir.

                                                                               

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

024126
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
98
59
532
2425
24126

Tarix: 13-08-2020