Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

  • Nəşr edilib 17.11.2020 14:30
  • Baxış sayı: 80
  • 17 Noy

   Ümummilli liderimiz Heydər Əliyev deyib: “Azərbaycanın kənd təsərrüfatı potensialı – torpaqlarımız, hava, su kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, bundan səmərəli istifadə olunmalıdır”.

 Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Muxtar respublikada torpaq ehtiyatlarından düzgün istifadə olunur, meliorativ tədbirlərin həcmi genişləndirilir, mütərəqqi suvarma şəbəkələri qurularaq istifadəyə verilir. Naxçıvanda torpaq və su ehtiyatları kompleks şəkildə əkinçiliyin inkişafına yönəldilir. Uzun müddət suvarılmayan torpaq sahələrindən bol məhsul götürülür, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılır. Son illər muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında dövlət vəsaiti hesabına 5 min hektardan artıq qapalı suvarma şəbəkələri qurularaq sakinlərin istifadəsinə verilib.

   Noyabrın 16-da Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

 Məlumat verilib ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 810 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən qısa müddətdə və keyfiyyətlə aparılıb. Su sahələrə Araz Su Anbarından qidalanan nasos stansiyası vasitəsilə vurulur və öz axını ilə şəbəkəyə ötürülür. Ərazidə 6100 metr ana xətt, uzunluğu 79 min 287 metr olan paylayıcı suvarma şəbəkəsi çəkilib, 763 hidrant və 3 istiqamətdə çıxışı olan dəmir-beton hovuzları quraşdırılıb. Boru xəttinin deformasiyasına qarşı 15 temperatur kompensatoru quraşdırılıb. Suyun sahəyə növbə ilə verilməsini təmin etmək üçün xətlərin üzərində 131 siyirtmə qoyulub. Həmçinin bildirilib ki, Kəngərli rayonu ərazisində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 339 hektar sahədə də yeni qapalı suvarma şəbəkəsi qurulacaqdır. Ərazidə 40 kilometrə yaxın boru xətti çəkiləcək, 251 hidrant qoyulacaq, drenaj və kollektorlar quraşdırılacaqdır.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Yeraltı şəbəkənin qurulması ərazidəki torpaqların əkin dövriyyəsinə qatılmasını təmin etmişdir. Kəngərli rayonunda işlərə 2015-ci ildən başlanılmış və 2 min hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsi qurulub istifadəyə verilmişdir. Torpaqların əkin dövriyyəsinə qatılması muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Eyni zamanda yeni iş yerləri açılır, ailələrin yaşayışı yaxşılaşır, ən əsası isə muxtar respublikada məhsul bolluğu yaradılır. Görülən işlər yalnız “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin deyil, həm də bələdiyyə və dövlət mülkiyyətinə aid olan torpaqların da su təminatını yaxşılaşdıracaqdır. 810 hektarın 574-ü “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin, 46 hektarı bələdiyyə, 190 hektarı isə dövlət mülkiyyətinə məxsus torpaqlardır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülərək əkiləcəkdir. Artıq bu torpaqların bir hissəsində əkin işləri aparılır. Həmçinin ərazinin davamlı su təminatını yaxşılaşdırmaq üçün Araz çayı üzərində müasir nasos stansiyası tikilir. Həmin nasos stansiyası istifadəyə verildikdən sonra əlavə 1000 hektara yaxın torpaq sahəsi də əkin dövriyyəsinə qatılacaqdır.

   Ali Məclisin Sədri deyib: Su təminatı, əkinəyararlı və bərəkətli torpaqlar olan yerdə inkişaf təmin olunur və ərzaq bolluğu yaranır. Çünki ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əgər bu sahədə işlər düzgün qurularsa, o zaman iqtisadiyyat da inkişaf edəcəkdir. İqtisadiyyatın lokomotivi isə kənd təsərrüfatıdır. Ona görə aqrar sahənin inkişafı daim diqqət mərkəzindədir. Hər il qurulan qapalı suvarma sistemləri, nasos stansiyaları, eləcə də müxtəlif suvarma metodlarından - damcı və çiləmə üsullarından istifadə muxtar respublikada müasir suvarma şəbəkələrinin yaradılmasına imkan vermişdir. Müasir suvarma şəbəkələri məhsuldarlığın və gəlirlərin artması, torpaqların şoranlaşmasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması deməkdir. Torpaqların əkin dövriyyəsinə qatılması ailə təsərrüfatlarının inkişafına da böyük dəstək verəcəkdir.

   Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisinin yerli mütəxəssislər tərəfindən keyfiyyətlə aparıldığını bildirib, bu işdə əməyi olanlara təşəkkür edib.

  Böyükdüz kənd sakini Qılman Əhmədov göstərilən qayğıya görə sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “Bu gün qədim diyarımızın bütün bölgələri abadlaşır, yeni məktəblər, sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilir. Ordu quruculuğuna muxtar respublikada göstərilən diqqət və qayğının nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi naxçıvanlılar Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstəriblər. Bu çox qürurvericidir. Mən kənd sakinləri adından Ali Məclisin Sədrini qələbə münasibətilə təbrik edirəm. Kəngərli də yarandığı dövrdən böyük inkişaf yolu keçib. Qısa zamanda rayonunun bütün kəndləri abadlaşdırılıb, yollar salınıb. İnsanların rahat yaşayışı təmin edilib. Kəngərli rayonu aqrar bölgə olduğundan burada kənd təsərrüfatının inkişafı daim diqqətdə saxlanılıb. Torpaqların su təminatının yaxşılaşdırılması, xüsusilə istifadəyə verilən qapalı suvarma şəbəkələri Böyükdüz, Xok və Yurdçu kəndlərində əkinçiliyin inkişafına səbəb olub. Böyükdüz kəndinin sakinləri əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. Əvvəllər yem ehtiyatını qonşu kəndlərin hesabına təmin edirdik. Lakin torpaqların su təminatının yaxşılaşdırılması əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, bol yem ehtiyatı da yaradıb”.

   Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisində iştirak edənləri hədiyyələrlə mükafatlandırıb.

   Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsini işə salıb.

  Ali Məclisin Sədri ərazidə qoruyucu yaşıllıq zolaqlarının salınması, qapalı suvarma şəbəkələri tikilərkən kollektor və drenaj sistemlərinin qurulmasına diqqət yetirilməsi, Tivi və Külüs kəndlərində yeni qapalı suvarma şəbəkələrinin layihələrinin hazırlanması barədə tapşırıqlar verib.

  Muxtar respublikada torpaqlarımız qorunmaqla yanaşı, həm də əkilir. Çünki ordu ölkənin müdafiə təhlükəsizliyini, kənd təsərrüfatı isə iqtisadi təhlükəsizliyini təmin edir. Hazırda Naxçıvan Muxtar Respublikasında yerli istehsalın həcminin artması, daxili tələbatın ödənilməsi və kənd təsərrüfatı məhsullarının ixrac potensialının yaradılması son 25 ildə həyata keçirilən aqrar islahatların bəhrəsidir. Böyükdüz kəndinin torpaq sahələri də uzun müddət əkin dövriyyəsindən kənarda qalmışdı. Lakin 2015-2020-ci illərdə kəndin torpaqlarında 2 min hektara yaxın qapalı suvarma şəbəkəsi tikilib, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün əkin sahəsi ayrılıb. Vaxtilə əkilməyən bu torpaqlar hazırda muxtar respublikanın toxuma olan tələbatını ödəyir. Eyni zamanda, kənd sakinləri bol məhsul istehsal edirlər. Bütün bunlar isə iqtisadi inkişafın mühüm göstəricisi olmaqla yanaşı, həm də torpağa sahiblik və bağlılıq nümunəsidir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

037484
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
46
108
688
3136
37484

Tarix: 29-11-2020