İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımın verilməsi təmin edilib

  • Nəşr edilib 04.05.2022 18:50
  • Baxış sayı: 90
  • 04 May

   Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbənin qazanılmasına  mühüm töhfələr vermiş, fədakarlıq göstərərək şərəfli döyüş yolu keçmişdir. Həmin illərdə Azərbaycan diviziyalarının tərkibində döyüş cəbhəsinə gedən naxçıvanlılar da qəhrəmanlıqları ilə tarix yazmışlar. Ümumilikdə 29 min 500 nəfər muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak etmişdir. Muxtar respublikadan 3 nəfər SSRİ-nin ən yüksək mükafatına - “Sovet İttifaqı Qəhrəmanı” adına, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüş, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən Müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif edilmişdir. Həmin illərdə soydaşlarımız arxa cəbhədə də fəallıqları ilə seçilmiş, qələbənin qazanılmasına öz töhfələrini vermişlər.

   Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindəndir. İkinci Dünya müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərilir, onların sosial təminatı daha da yaxşılaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 19 aprel 2022-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır.

   Sərəncama əsasən, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcəkdir.

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sərəncamın icrası ilə bağlı müvafiq işlər görülüb və birdəfəlik maddi yardımın ödənilməsi prosesi qısa müddət ərzində yekunlaşdırılıb. Muxtar respublika üzrə birdəfəlik maddi yardımın ödənilməsi 315 nəfərə şamil edilib. Onlardan 6 nəfəri İkinci Dünya müharibəsinin iştirakçısı, 309 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir. Birdəfəlik maddi yardımın ödənilməsi üçün ümumilikdə 240 min 750 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

218798
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
145
469
614
9497
218798

Tarix: 24-05-2022