Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

  • Nəşr edilib 10.05.2022 19:28
  • Baxış sayı: 69
  • 10 May

   Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları da ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

   Ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti xalqa və dövlətçiliyə xidmət nümunəsidir. Ulu öndərimiz Azərbaycanın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirib, hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldıb.

   Azərbaycanda 1969-cu il iyul ayının 14-dən başlanan Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının və milli kimliyinin bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edib. Ulu öndər dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqramın həyata keçirilməsinə nail olub. “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!”- deyən ulu öndər Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmamış, bununla yanaşı, elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər qazanılıb, milli oyanışın əsası qoyulub. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaratmışdır.

   Ötən əsrin 90-cı illərinin əvvəllərində cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarıb, Ermənistanın əsassız torpaq iddialarına rəvac verib. Belə bir şəraitdə ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tarixi zərurətə çevrilmişdi. Çünki xalqımız qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqları itirmək təhlükəsindən xilas etməyin bir yolu var: o da ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışıdır. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında müstəqil dövlətçiliyimizin əsaslarını hazırlayan, üçrəngli bayrağımızı  qaldıran, bu qədim diyarda milli birliyimizin və həmrəyliyimizin əsasını qoyan, milli ordu quruculuğuna başlayan ümummilli liderin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizə çevrildi.

Ümummilli lider 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdi. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz ulu öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk”.

   Naxçıvan Muxtar Respublikası da inkişafın yeni mərhələsinə qədəm qoyub. Gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır. Zaman etibarilə o qədər də böyük olmayan bu dövrdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı dinamik inkişaf edib, sosial proqramlar qəbul edilərək icra olunub, bir sözlə, ulu öndərin arzuları gerçəkləşdirilib.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”.

   Ulu öndər Heydər Əliyevin həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunub. Bu yolu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz təmin olundu.

   Sonra Ali Məclisinin Sədri və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinin fondunda saxlanan rəsm əsərləri və xalçalardan ibarət  sərgiyə baxıblar.

   Bildirilib ki, muzeyin fondunda ümummilli liderlə bağlı tarixi sənədlərlə yanaşı, həm də Ona həsr olunmuş rəsm əsərləri, portret və xalçalar da mühafizə edilir. Sərgidə Heydər Əliyev Muzeyinin fondunda mühafizə olunan 22 portret və 2 xalça nümayiş olunub.

   Sərgi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri deyib: Bu gün ulu öndərimizin doğum günüdür. Böyük şəxsiyyətin ruhuna ehtiramımızı bildiririk. Bizimlə bərabər olmasa da, Onun əməlləri yaşayır. Hazırda ümummilli liderimizin ideyalarının, yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan  sabit və inkişaf etmiş ölkədir.

   Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər keçirilib. 

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

218787
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
134
469
603
9486
218787

Tarix: 24-05-2022