Muxtar respublikada bu il ərzində 6 mindən çox sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

  • Nəşr edilib 17.11.2022 09:14
  • Baxış sayı: 208
  • 17 Noy

   Muxtar respublikada əmək fəaliyyəti ilə məşğul olan əhalinin, yəni sığortaolunanların sosial müdafiəsinin gücləndirilməsi, onların maddi təminatının daha da yaxşılaşdırılması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sosial sığorta sahəsində sığortaçı olaraq sığortaolunanlara məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin qanunverciliyə uyğun təyin edilməsi və vaxtında ödənilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Belə ki, fond tərəfindən cari ilin 10 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən, muxtar respublika üzrə 6 min 469 sığortaolunana məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib. Bunlardan 496-sı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 774-ü hamiləliyə və doğuma görə, 2906-sı uşağın anadan olmasına görə, 683-ü isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə təyin edilib. Eyni zamanda vəfat etmiş  sığortaolunanı və ya pensiyaçını dəfn etməyi öhdəsinə götürən 1610 şəxsə isə dəfn üçün müavinət ödənilib. Bu ilin 10 ayı ərzində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 232 min 780 manat, hamiləliyə və doğuma görə 1 milyon 152 min 740 manat, uşağın anadan olmasına görə  746 min 750 manat, uşağa qulluğa görə 305 min 275 manat, dəfn üçün 1 milyon 53 min 155 manat olmaqla, ümumilikdə 3 milyon 490 min 700 manat vəsait xərclənib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 225 min manat və ya 6,9 faiz çoxdur. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş bank rekvizitlərinə uyğun olaraq onların ödəniş kartlarına köçürülüb və ya yerli poçt bölmələri vasitəsilə ödənilib.

    Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərə fond tərəfindən müavinət verilir. Sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə ödənilir. Müavinət əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. Bundan başqa, işləyən qadınlara hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün 126 təqvim günü, yəni doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Bu müddət ərzində təyin olunan müavinət orta gündəlik qazancın 100 faizi miqdarında ödənilir.

   Qanunvericiliyə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Həmin məzuniyyət dövründə uşaq 1 yaş 6 aylıq olanadək 44 manat, 3 yaşı tamam olanadək isə 28 manat məbləğində müavinət ödənilir. Həmçinin, uşağın doğulmasına görə 300 manat məbləğində birdəfəlik müavinət verilir. Ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. Bundan başqa sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə qanunvericiliklə müəyyən edilmiş şəxslərin dəfn üçün müavinət almaq hüququ vardır. Dəfn üçün müavinət vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. Sığortaolunanlar vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə 350 manat, əmək pensiyaçısı vəfat etdikdə isə 720 manat məbləğində müavinət ödənilir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

309900
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
326
320
1333
14886
309900

Tarix: 30-11-2022