Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

  • Nəşr edilib 03.02.2023 14:04
  • Baxış sayı: 254
  • 03 Fev

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Dövlətimizin başçısı tədbirdə iştirakına görə Kadri Simsona təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğuladı.

   Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədə uyğun olaraq, ölkəmizin qaz istehsalını 2027-ci ilədək artırmaq niyyətində olduğunu və Aİ-yə üzv ölkələr arasında qurulan interkonnektorlar vasitəsilə yeni bazarlara çıxış imkanlarının yarandığını diqqətə çatdırdı.

   Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Yaşıl enerji üzrə nazirlərin 1-ci iclasının, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında nazirlər səviyyəsində görüşün keçiriləcəyini qeyd etdi.

   Ölkəmizin bərpaolunan enerji sahəsində böyük resurslarının olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış sənədin də ölkəmizin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin Avropa bazarına çıxarılması üçün böyük perspektivlər vəd etdiyini bildirdi.

   Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılacaq müzakirələr nəticəsində yeni təşəbbüslərin və ideyaların yaranacağına ümidvar olduğunu qeyd etdi.

   Kadri Simson Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə etdi və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rolunun, enerji təhlükəsizliyinə verdiyi töhfələrinin yüksək qiymətləndiririldiyini diqqətə çatdırdı. Qonaq dedi ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir. Energetika məsələləri üzrə komissar bildirdi ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır.

   Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına verdiyi töhfəsinin və Brüssel sülh prosesinin əhəmiyyəti vurğulandı.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

521977
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
517
160
2604
10732
521977

Tarix: 28-03-2024