Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb

  • Nəşr edilib 13.03.2023 09:03
  • Baxış sayı: 256
  • 13 Mart

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

   Albaniya Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

   - Salam, bizim ölkəyə səfər etdiyiniz üçün təşəkkür edirəm. Sizi yenidən görməyə çox şadam. Keçən il Tiranadakı görüşümüzü xatırlayıram və qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm. Ölkənizə rəsmi səfərimdən və Sizinlə, Baş nazirlə müzakirələrdən çox məmnun qaldım.

    Əməkdaşlığımızı gücləndirmək üçün qəbul etdiyimiz qərarlar həqiqətən nümayiş etdirir ki, ölkələrimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri var. X Qlobal Bakı Forumu çərçivəsində keçirilən vacib tədbirdə - atam, Prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək üçün gəldiyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun.

   Əminəm ki, Bakıda qaldığınız müddətdə yaxşı vaxt keçirəcəksiniz. Faydalı, ikitərəfli əməkdaşlığımızın vacib məqamlarına toxunmaq üçün bu, çox yaxşı fürsətdir.

   Albaniya Prezidenti Bayram Beqay dedi: Təşəkkür edirəm, cənab Prezident. Əlamətdar tədbir olan Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmək, Sizi ziyarət etmək məndə və mənim heyətimdə böyük məmnunluq hissi doğurur. Bu, səfər etmək və Sizi görmək üçün əlavə bir fürsətdir. Əlbəttə ki, atanızın irsi əbədi olaraq yazılıb və hesab edirəm ki, Bakı və bütün ölkə üçün həyata keçirdiyiniz işləri hər yerdə görmək olar. Dünən mən şəhərə çıxdım, bir az gəzdim və şəhərin heyrətamizliyinin şahidi oldum.

   Prezident İlham Əliyev: Təşəkkür edirəm.

   Prezident Bayram Beqay: Əlbəttə, Sizin qeyd etdiyiniz kimi, biz keçən il görüşmüşük və düşünürəm ki, ölkələrimiz dost ölkələrdir. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində. Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik.

   Prezident İlham Əliyev: Elədir ki, var.

   Prezident Bayram Beqay: Xüsusilə indi - enerji məsələsinin çox önəmli olduğu bir dövrdə. Qaz da çox vacibdir. Biz çox şadıq və bəxtimiz gətirib ki, Siz üzərinizə belə bir öhdəlik götürmüsünüz və Sizin dostluğunuzu qazanmışıq.

   Prezident İlham Əliyev: Təşəkkür edirəm.

   Görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi.

   Söhbət zamanı enerji sahəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, Azərbaycanın Albaniyada səfirliyinin yaradılması, həmçinin Albaniyanın Azərbaycanda səfirliyini təsis etməsi ikitərəfli münasibətlərin inkişafı baxımından müsbət addım kimi dəyərləndirildi. Yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların bundan sonra da davam etdiriləcəyi bildirildi.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

522885
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
212
1213
3512
11640
522885

Tarix: 29-03-2024