Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Yaşayış minimumu haqqında

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.

 M a d d ə 1 . Əsas anlayışlar

 

1.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.0.1. minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu;

1.0.2. yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma;

1.0.3. əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s);[1]

1.0.4. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;

1.0.5. ailədə adambaşına düşən orta gəlir - ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti;

1.0.6. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;[2]

1.0.7. ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı;[3]

1.0.8. minimum əmək haqqı - qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ.

1.0.9. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.[4]

 

M a d d ə 2 . Yaşayış minimumunun təyinatı

 

2.0. Yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:

2.0.1. aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində;[5]

2.0.2. aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında;[6]

2.0.3. əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;

2.0.4. fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;

2.0.5. əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;

2.0.6. dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.

 

M a d d ə 3 . Minimum istehlak səbətinin formalaşdırılması, yenidən baxılması və təsdiqi

 

3.1. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:

3.1.1. ərzaq məhsullarının minimum toplusu;

3.1.2. fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);

3.1.3. xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).

3.2. Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.[7]

 

M a d d ə 4 . Yaşayış minimumunun hesablanması, yenidən baxılması və təsdiqi

 

4.1.  Yaşayış minimumu əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bu Qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir və təsdiq olunur.

4.2.  İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.

4.3.  Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir.

4.4.  Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir və rəsmi dövlət nəşrlərində dərc olunur.

 

M a d d ə 5. Əməkhaqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin müəyyənləşdirilməsi zamanı yaşayış minimumunun nəzərə alınması[8]

 

5.1.  Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir.[9]

5.2.  Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir.

5.3.  Ölkə üzrə əməkhaqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin , ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[10]

5.4. Azərbaycan Respublikasında minimum əməkhaqqı və pensiyaların baza hissəsi, ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir.[11]

5.5. Əmək pensiyaları "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artırılır və indeksləşdirilir.[12]

 

M a d d ə 6. Yaşayış minimumu haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Yaşayış minimumu haqqında qanunvericiliyi pozan şəxslər mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

M a d d ə 7. "Minimum istehlak büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi haqqında

 

"Minimum istehlak büdcəsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 14 oktyabr tarixli 329 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 19, maddə 849) qüvvədən düşmüş hesab edilsin.

 

M a d d ə 8 . Qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 oktyabr 2004-cü il

               № 768-IIQ

  

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480)

2.       6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

3.       31 oktyabr 2017-ci il tarixli 837-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 dekabr 2017-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2205)

  1. 6 mart 2018-ci il tarixli 1026-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 393)
  2. 19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 829)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

  [1] 19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 829) ilə 1.0.3-cü maddədə “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə 1.0.6-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.0.6. əhalinin aztəminatlı təbəqələri - qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış səviyyəsində olan ailələr;

 

[3] 12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə 1.0.7-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.0.7. ünvanlı dövlət sosial yardımı - əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən müxtəlif formalarda (sosial ödənişlər, müavinətlər, icbari ödənişlərdən güzəştlər və s.) göstərilən yardımlar;

 

[4] 12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə 1.0.9-cu maddə əlavə edilmişdir.

 

[5] 12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə 2.0.1-ci maddədə “əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardım” sözləri “aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının” sözləri ilə əvəz edilmişdir.

 

[6] 12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə 2.0.2-ci maddədə “əhalinin aztəminatlı təbəqələrinin” sözləri “aztəminatlı ailələrin” sözləri ilə əvəz edilmişdir.

 

[7] 31 oktyabr 2017-ci il tarixli 837-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 dekabr 2017-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2205) ilə 3.2-ci maddədə “elmi idarə və müəssisələrinin” sözləri “elmi müəssisə  təşkilatlarının” sözləri ilə əvəz edilmişdir.

 

[8] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 5-ci maddənin adında və 5.1-ci maddədə ", pensiyaların minimum məbləğinin," sözləri "minimum məbləğinin, pensiyaların baza hissəsinin," sözləri ilə əvəz edilmişdir.

6 mart 2018-ci il tarixli 1026-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 393) ilə 5-ci maddənin adından, 5.1-ci və 5.3-cü maddələrdən “pensiyaların baza hissəsinin,” sözləri çıxarılmışdır.

 

[9] 12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə . 5.1-ci maddədə “ünvanlı dövlət sosial yardımının və digər ödənişlərin” sözləri “digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının” sözləri ilə əvəz edilmişdir.

 

[10] 12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə 5.3-cü maddədə “, ünvanlı dövlət sosial yardımlarının” sözləri “, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin” sözləri ilə əvəz edilmişdir.

 

6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 5.3-cü maddədə "və pensiyaların minimum məbləğinin" sözləri "minimum məbləğinin, pensiyaların baza hissəsinin" sözləri ilə əvəz edilmişdir.

 

[11] 12 may 2006-cı il tarixli 109-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 480) ilə 5.4-cü maddədə “məbləği” sözündən sonra “, ehtiyac meyarının həddi” sözləri əlavə edilmişdir.

6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 5.4-cü maddədə "və pensiyaların minimum məbləği" sözləri "və pensiyaların baza hissəsi" sözləri ilə əvəz edilmişdir.

6 mart 2018-ci il tarixli 1026-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 393) ilə 5.4-cü maddədən “və pensiyaların baza hissəsi” sözləri çıxarılmışdır.

 

[12] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə aşağıdakı məzmunda 5.5-ci maddə əlavə edilmişdir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

518410
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
327
184
511
7165
518410

Tarix: 19-03-2024