Əmək pensiyası hər il indeksləşdirilərək artırılır.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə başçısı tərəfindən uğurla davam edirilməsi iqtisadiyyatın bütün sahələri üzrə müsbət dinmikanın qorunub saxlanılmasına imkan yaratmışdır. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin də əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur.

Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir.

Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 29.2 maddəsinə uyğun olaraq “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılır.

Əmək pensiyasının indeksləşdirilməsi Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.

Yaradılmış şərait pensiya və müavinətlərin artırılması ilə bağlı ölkə başçısının imzaladığı fərman və sərəncamların muxtar respublikamızda operativ qaydada yerinə yetirilməsi üçün geniş imkanlar açmışdır. Məhz bunun nəticəsidir ki, cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarının icrası nəticəsində muxtar respublikada hər il on minlərlə pensiyaçının əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək artırılır. Azərbaycan Respublikası Prezidentinin ölkədə sosial rifah halının yaxşılaşdırılmasına, müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən bundan sonra da müvafiq işlər həyata keçiriləcəkdir.