1. Məcburi dövlət sosial sığortanın mahiyyəti nədən ibarətdir?

   Sosial sığorta qanunvericiliklə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta sistemi məcburi dövlət sosial sığorta haqları əsasında sığortaolunanlara pensiya təminatından  başqa, digər sosial müdafiə hüquqları ilə də təmin edir.

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələri almaq hüququ yoxdur. Yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Buna görə də hər bir işləyən vətəndaş Fondun müvafiq orqanlarında fərdi qaydada qeydiyyatda durmalı və vaxtlı-vaxtında məcburi dövlət sosial sığorta haqlarını ödəməlidir.

 

2. Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər hansılardır?

     "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisələrinə pensiya yaşına çatmaq, əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olması, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti daxildir. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq olunmuş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin tələblərinə uyğun həyata keçirilir.

 

3.    Sığorta­-pensiya sistemində fərdi uçotun mahiyyəti nədən ibarətdir?

     Fərdi uçot əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta­olunan haqqında məlumatların ­uçotunun təşkili və aparılmasıdır. Fərdi uçotun yaradılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasıdır. Fərdi uçot sisteminin əsas məqsədlərindən biri də sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Fərdi uçotla bağlı yaradılmış bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında dəqiq məlumat almaq mümkündür. Bu da, öz növbəsində, sığortaolunanın pensiyaya çıxacağı haqqında dəqiq proqnozların verilməsinə, sığortaolunanlar və sığortaedənlər tərəfindən ödənilməli və ödənilmiş olan məcburi dövlət sosial sığorta haqlarına daha asan və çox vaxt sərf etmədən nəzarət etməyə imkan verir.

 

4. Əmək pensiyası hüququ yaranan vətəndaşlar əmək pensiyası təyinatı üçün nə etməlidirlər?

   Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin edilir. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.

Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün müvafiq tapşırıq verilir.

Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə göndərir.

 

 5.  Dəfn üçün müavinət kimlərə verilir?

         Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinət verilir. Əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinət mərhumun qeydiyyatda olduğu ünvan üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.  

 

6. Dəfn üçün müavinət almaqdan ötrü hansı sənədləri təqdim etmək lazımdır?     

        Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də müavinətlərin ödənilməsi üçün təqdim edilməli olan sənədlər də müəyyən edilmişdir. Dəfn müavinətini almaq üçün sığortaedən tərəfindən göndəriş məktubu, dəfn üçün müavinətlə bağlı haqq-hesab cədvəli, müavinət təyin edən komissiyanın protokolunun surəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayış  (ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilməli), ölüm şəhadətnaməsinin surəti, bələdiyyə tərəfindən verilmiş arayış  (vəfat edəni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat), dəfn xərcini çəkən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim edilməlidir. Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim edilməlidir.

 

7.  Güzəştli şərtlərlə əmək pensiyası hüququ kimlərə şamil edilir?

       "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

       Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

      Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri,yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.

Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin və hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl Atom Elektrik Stansiyasında qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular yaşa görə əmək pensiyası hüququ vardır.

Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər:kişilər—60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə,qadınlar—55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə yaşa görə əmək pensiyası hüququ vardır.

Miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır.

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır

 

 8. Yaşa görə əmək pensiyasının məbləği necə müəyyən edilir?

Yaşa görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir.

Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalını gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144) bölünməsi ilə hesablanır.

Yığım hissəsinin məbləği isə sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalını gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144) bölünməsi ilə hesablanır.

Beləliklə yaşa görə əmək pensiyasının məbləği sığorta hissə ilə yığım hissəni toplamaqla əldə edilir.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Hal-hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

 

9. Yaşa görə əmək pensiyası almaq üçün müvafiq dövlət orqanına hansı sənədləri təqdim etməlidir?

Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin edilir. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.

Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün müvafiq tapşırıq verilir. Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə göndərir.

   “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarına görə yaşa görə əmək pensiyası hüququ yaranan sığortaolunan əmək pensiyası təyin olunması üçün şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədləri təqdim etməlidirlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:

1. çoxuşaqlı analara yaşa görə pensiya təyin edilməsi üçün:

1.1. qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

1.2. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2. sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pensiya təyin edilməsi üçün:

2.1. qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

2.2. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı;

2.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

3. uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə pensiya təyin edilməsi üçün:

3.1. atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

3.2. ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının surəti;

3.3. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

3.4. atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün:

4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

 

10. Sığortaolunan sosial sığorta şəhadətnaməsini itirdikdə nə etməlidir?

     Əmək   fəaliyyəti   olan   sığortaolunan,  sosial   sığorta şəhadətnaməsini itirdikdə, dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə  ilə sığortaedənə, sığortaedən isə öz növbəsində qeydiyyatda olduğu fərdi uçotu həyata keçirən Fondun yerli orqanına  bir ay müddətində müraciət etməklə, həmin sosial sığorta nömrəsi ilə yeni dövlət sosial sığorta şəhadətnaməsi (əvvəlcə verilənin əvəzinə) ilə təmin edilir.

 

11. Əmək pensiyasını necə əldə etmək olar?

    Muxtar respublika ərazisindəki əmək pensiyaçıları pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə əldə edirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Sosia l Müdafiə Fondu əmək pensiyaçılarına pensiyaların plastik kartlarla bankomatlar vasitəsi ilə ödənilməsini "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti və muxtar respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə həyata keçirir.

Eyni zamanda muxtar respublikada pensiyaçılara pensiya ödənişinin kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi də həyata keçirilir. Kənd yerlərində yaşayan pensiyaçılar  istədikləri halda ərizə ilə müraciət edərək əmək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.

 

 

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 544-84-17

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Azər Tarverdiyev küçəsi 8   

 

 

 

 

        

 

Copyright © 2019. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Nakhinternet

012093
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
82
72
154
2653
12093

Tarix: 26-05-2020